“Pari Sen-Jermen” UEFA Çempionlar Liqasının qrup mərhələsinə Belçikada start verib. Fransa klubu “Brügge”nin qonağı olub. Çoxları Paris futbolçularının asan qələbə qazanacağını düşünsə də, ehtimallar doğrulmayıb. Düzdür hesabı qonaqlar açıblar. 15-ci dəqiqədə Ander Errera hesabı açıb. Amma “Pari Sen-Jermen” futbolçularının qol sevinci çox çəkməyib. 27-ci dəqiqədə Hans Vanaken tarazlığı bərpa edib. 1-ci hissədə hesab dəyişməyib. Fasilədən sonra da başqa qol vurulmayıb. Beləcə Paris klubunun heyətində Lionel Messinin 90 dəqiqə meydanda olduğu görüş 1:1 hesabilə başa çatıb.
A qrupunun digər qarşılaşmasında “Mançester Siti” və “Leyptsiq” üz-üzə gəlib. 9 qol vurulan oyun ən məhsuldar görüş kimi fərqlənib. “Şəhərlilər”in heyətində Natan Ake, Riyad Mahrez, Cek Qriliş, Joau Kanselu, Qabriel Jezus rəqib qapısına yol tapıb. Bundan başqa Nordi Mukiele avtoqol müəllifi olub. “Leyptsiq” futbolçularından isə Kristofer Nkunku het-triklə fərqlənib. Almaniya klubu matçı 10 nəfərlə tamamlayıb. 79-cu dəqiqədə Anxelinyo qırmızı vərəqəylə cəzalanıb. Beləliklə 9 qolun qeydə alındığı oyun “Mançester Siti”nin 6:3 hesablı qələbəsiylə başa çatıb.